Wednesday, October 10, 2012

MÜHASIBAT UÇOTUNUN PREDMETI VƏ METODU



  1. Mühasibat uçotunun predmeti və onun obyektləri
  2. Təsərrüfat vəsaitlərinin və onların əmələ gəlmə mənbələrinin təsnifatı
  3. Mühasibat uçotunun metodu və onun əsas ünsürləri

  1. Mühasibat uçotunun predmeti və onun obyektləri

Azərbaycan Respublikasında bütün müəssisələr, idarələr, təşkilatlar vahid xalq təsərrüfatı sistemini təşkil edir. Müəssisələr xalq təsərrüfatının əsas sahələrinin tərkib hissələridir. Bütün müəssisələr öz təsərrüfat fəaliyyətinin məzmunundan asılı olaraq sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və s. bölünür. Həmin müəssisələr bazar iqtisadiyyatı şəraitində mövcud olan mülkiyyət formalarından asılı olaraq: dövlət müəssisələrindən, bircə müəssisələrdən, kiçik müəssisələrdən, səhmdar cəmiyyətlərindən, kooperativ təşkilatlarından, fermer (kəndli) təsərrüfatlarından və s. ibarətdir. Bu müəssisələrin hər biri bazar münasibətləri şəraitində təsərrüfat hesabı və özünü maliyyələşdirmə Prinsipi və Respublikamızda müəssisələr haqqında mövcud olan qanun əsasında fəaliyyət göstərir.
Təsərrüfat hesablı müəssisə o müəssisə sayılır ki, o öz xərclərini, məhsul və ya mal satışından əldə etdiyi pul vəsaiti ilə ödəyir və mənfəət əldə edir.
Təsərrüfat hesablı müəsisələrlə yanaşı büdcə idarələri də mövcuddur. Bunlar öz təsərrüfat fəaliyyətləri üçün lazım olan vəsaiti dövlət büdcəsindən alır. Büdcə idarələrinə elmi və tədris müəssisələri, tibb idarələri, mədəniyyət idarələri və s. aiddir.
Müəssisələr dedikdə, dövlət müəssisəsi, fərdi (ailə) , şərikli payçı (tam ortaqlı), məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyətləri nəzərdə tutulur.
Müəssisələr təsərrüfat fəaliyyətini həyata keçirmək üçün əsas fondlara (vəsaitlərə), dövriyyə vəsaitlərinə, habelə başqa qiymətli əşyalara malik olur.
Respublikamızda mövcud olan yeni mülkiyyət formalarından asılı olaraq müəssisələrin əmlakının əmələ gəlmə mənbələri təsisçilərin pul vəsaiti və maddi payları, məhsulların, görülən işlərin, göstərilən xidmətlərin, qiymətli kağızların satışından əldə olunan gəlirlər, bank kreditləri və digər kreditlər kapital qoyuluşu üçün maliyyələşmələr və büdcədən dotasiyalar (müəssisələr xərclərini ödəmək üçün dövlət büdcəsindən verilən yardım) və s. hesab olunur.
Müəssisənin vəsaitləri, onların əmələ gəlmə mənbələri, hər bir müəssisədə baş verən təsərrüfat prosesləri zamanı yaranan təsərrüfat əməliyyatları mühasibat uçotunun obyektləri hesab olunur. Daha konkret desək mühasibat uçotunun yeniləşdirildiyi və Beynəlxalq standartlara uyğunlaşdırıldığı şəraitdə hər bir müəssisədə əsas vəsaitlər, qeyri-maddi aktivlər, materiallar, azqiymətli və tezköhnələn əşyalar, uzunmüddətli maliyyə qoyuluşları, kapital qoyuluşları, əmək haqqı üzrə hesablaşmalar, istehsal məsrəfləri, məhsul istehsalı və satışı, hesablaşmalar, mənfəət və zərərlər və s. mühasibat uçotunun obyektləri hesab olunur.
Təsərrüfat əməliyyatları zamanı, müəssisə: 1) materiallar, əsas vəsaitlər, qeyri-maddi aktivlər alır, 2) onlardan istifadə edir, 3) istehsal prosesinə xərc çəkir, 4) hazır məhsul istehsal edir, 5) onu satır, 6) satışdan pul vəsaiti və mənfəət əldə edir. Bütün bünlar təsərrüfat prosesləri zamanı baş verir.
Mühasibat uçotunun predmetini aydınlaşdırarkən onun tarixi inkişafına də nəzər yetirmək lazımdır. Belə ki, mühasibat uçotunun predmetinin məzmunu müxtəlif iqtisadi-ictimai formasiyalarda müxtəlif olmuşdur.
Ibtidai icma quruluşunda uçotun ən sadə forması tətbiq edilirdi. Burada uçotun predmeti icmanın mülkiyyətini təşkil edən vəsait və onun istifadəsi üzrə baş verən əməliyyatlar hesab olunurdur.
Quldarlıq quruluşunda istehsal üzərində tam hakimiyyət hökm sürmüş və burada qullar da uçotun predmetini təşkil etmişdir.
Feodalizm cəmiyyətində istehsal vasitələri və əmək əşyaları üzərində tam, kəndlilər üzərində isə natamam hakimiyyət mövcud idi. Kəndlilər alqı-satqı obyektlri olduğuna görə də uçotun obyektlərinə daxil edilirdi.
Kapitalizm cəmiyyətində mühasibat uçotunun predmeti fərdi kapitalın dövranı hesab olunurdu.
Sosializm cəmiyyətində mühasibat uçotunun predmeti müəssisələrin, təşkilatların sərəncamında olan vəsaitlərin istifadəsini və onların vəziyyətini əks etdirirdi.
Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar kı uçotun predmetini hər bir ictimai formasiyanın xarakteri müəyyən edir.

  1. Təsərrüfat vəsaitlərinin və onların əmələ gəlmə mənbələrinin təsnifatı

Bazar iqtisadiyyatı şəraitində təsərrüfatın bütün işinə operativ rəhbərlik etmək üçün mühasibat uçotunun böyük əhəmiyyəti vardır. Mühasibat uçotunun tətbiq edildiyi əsas sahə müəssisə sayılır.
Mühasibat uçotunun predmeti haqqında tam anlayışı əldə etmək üçün onun tərkib hissələrinin nədən ibarət olmasını öyrənmək lazımdır.
Müəssisədə mövcud olan vəsaitlər mühasibat uçotunda iki cür qruplaşdırılır:
I. vəsaitin tərkibi və yerləşməsinə görə;
II. vəsaitlərin əmələ gəlmə mənbələri və məqsədli təyinatına görə.
Müəssisə vəsaiti, tərkibi və yerləşməsinə (I) görə 4 qrupa bölünür:
1.      Istehsal sferasında olan vəsaitlər;
2.      Tədavül serasında olan vəsaitlər;
3.      Mənzil, mədəni-məişət təyinatlı vəsaitlər;
4.      Yayındırılmış vəsaitlər
Istehsal sferasında olan vəsaitəlr istehsal prosesində oynadığı roldan asılı olaraq əmək vəsaitlərinə və əmək əşyalarına bölünür. Əmək vəsaitləri istehsal prosesində uzun müddət xidmət edir. Əmək əşyaları istehsal prosesində bir dəfə iştirak edir və öz dəyərini tamamilə istehsal olunmuş məhsulun üzərinə keçirir.
Əsas vəsaitlər istehsal sferasında 1 ildən çox iştirak edən, hər vahidinin dəyəri 500 min manatdan çox olan, köhnəldikcə öz dəyərini müəyyən olunmuş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirən və bu zaman öz natural formasını dəyişməyən vəsaitlər deyilir. Əsas vəsaitlərə binalar, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, öz mülkiyyətində olan torpaq sahələri və s aiddir.
Qeyri-maddi aktivlər fiziki xassəyə malik olmayan, müəssisənin təsərrüfat fəaliyyətində uzun müddət istifadə olunan və gəlir gətirən vəsaitlərə deyilir. Qeyri-maddi aktivlərə torpaq sahələrindən, təbii ehtiyatlardan istifadə hüquqları, lisenziyalar, nou-hau, proqramm məhsulları, təşkilati xərclər, əmtəə nişanları, ticarət markaları və s. aiddir. Qeyri-maddi aktivlərin dəyəri xüsusi köhnəlmə normalarına əsasən məhsulun maya dəyərinə və ya tədavül xərclərinə daxil edilir.
Istehsal və yaxud tədavül prosesində bir dəfə iştirak edən və öz dəyərini bütünlükdə hazır məhsulun üzərinə keçirən, yaxud mal formasından pul formasına keçən vəsaitlərə dövriyyə vəsaitləri deyilir. Dövriyyə vəsaitlərinə xammal, material, mal ehtiyatları, kassadakı, hesablaşma və valyuta hesablarındakı pul vəsaitləri, qiymətli kağızlar, hazır məhsul, debitor borcları və s. aiddir.
Tədavül sferasında olan vəsaitlərə pul vəsaiti və hesablaşmalarda olan vəsaitlər aiddir. Hesablaşmalarda olan vəsaitə başqa müəssisə və idarələrin həmin müəssisəyə olan borcu misal ola bilər. Buna debitor borcları, təhtəl hesab məbləğlər, malalanların borcu Aid ola bilər.
Tədavül sferasında olan vəsaitlərə eyni zamanda satılmaq üçün müəyyən edilmiş və yüklənib göndərilmiş məhsullar da daxil edilir (anbarda olan hazır məhsullar və yüklənən məhsullar). 
Pul vəsaitlərinin vasitəsi ilə müəssisə öz işçi heyətinə əmək haqqı verir, satdığı mallar üçün ölkə daxilindəki və xarici malsatanlarla hesablaşma aparır, büdcəyə müxtəlif vergilər və tədiyyələr ödəyir, ehtiyacı olan müəssisələrə borc verir. Müəssisələr öz pul vəsaitlərinin əsas hissəsini bankdakı hesablaşma hesabında və valyuta hesabında saxlayır.
Satılmış məhsullar və mallar üçün malalanların müəssisəyə olan borcu hesablaşmalara aiddir.
Mənzil, mədəni-məişət təyinatlı vəsaitlərə mənzil, mədəni-məişət və səhiyyə təyinatlı vəsaitlər aiddir. Onlara yaşayış binaları, uşaq bağçaları və evləri, klub binaları, onların inventar və avadanlıqları aiddir.
Yayındırılmış vəsaitlərə müəssisəyə Aid olan, lakin onun dövriyyəsində iştirak etməyən vəsaitlər aiddir. Bu cür vəsaitlərə mənfəttdən büdcəyə ödəniləsi vergi, təsərrüfat fəaliyyəti nəticəsində əldə olunan zərərlər və s. Aid ola bilər.
Müəssisənin vəsaitləri tərkibinə və yerləşməsinə görə sxematik şəkildə aşağıdakı kimi təsnifləşdirilə bilər.

Vəsaitlərin əmələ gəlmə mənbələri (II)  aşağıdakılardır:
1.      xüsusi vəsaitlər;
2.      cəlb edilmiş vəsaitlər
Xüsusi vəsaitlərə müəssisənin fəaliyyət göstərdiyi bütün dövr üçün ona təhkim olunmuş vəsaitlər və təsərrüfat fəaliyyəti nəticəsində əldə edilən mənfəət aiddir. Buraya nizamnamə kapitalı (fondu), əlavə kapital, ehtiyat kapitalı, əsas vəsaitlərin köhnəlməsi, mənfəət misal ola bilər.
Xüsusi vəsaitlərə – müəssisənin əmək ödəməsi üzrə işçi heyətinə olan borcu, əmək ödəməsinə müvafiq olaraq sosial təminat orqanlarına hesablanmış lakin ödənilməmiş borclar, məzuniyyət haqqı vermək üçün yaradılan ehtiyatlar aiddir.
Nizamnamə kapitalı müəssisə təşkil edildiyi vaxt yaradılır, yəni ona ayrılan vəsaitin pula ifadəsi nizamnamə kapitalının məbləğini əks etdirir.
Əsas vəsaitlərin köhnəlmə məbləği xidmət etmə dövrü ərzində əsas vəsaitlərin öz dəyərinin hazır məhsulun üzərinə keçirildiyini və həmin hissənin pulla ifadəsini göstərir.
Cəlb edilmiş vəsaitlərə müəssisəyə müvəqqəti istifadə üçün verilən vəsaitlər aiddir.   Həmin vəsaitlər müəyyən edilmiş vaxtda geri qaytarılmalıdır. Bu vəsaitlərə ayrı-ayrı müəssisələr olan borc, bank kreditləri, kreditor borcları və s. aiddir.
Qısa müddətli kreditlər müəssisə vəsaitlərinin əsas əmələ gəlmə mənbələri kimi müvəqqəti ehtiyac üçün baqklar tərəfindən verilir. Bu kreditlər mal, material almaq, yoldakı hesablaşma sənədlərinin dəyərini ödəmək üçün verilir.
Müəssisə malsatanlardan mal (material) aldıqda adətən onun dəyərini vaxtında ödəyə bilmir. Malın daxil olması ilə onun dəyərinin ödənilməsi arasında müəyyən vaxt keçi rvə müəssisənin malsatanlara borcu əmələ gəlir. Bu borc müəssisənin vəsaitinin müvəqqəti əmələ gəlmə mənbəi hesab olunur.
Veksellər dedikdə müəyyən edilmiş formada yazılı şəkildə ciddi borc öhdəçiliyi başa düşülür.
Bankdan alınan kreditlərdən başqa müəssisə bahqa müəssisələrdən qısa, uzunmüddətli borclar alır. Həmin borclar qiymətli kağızlar, müəssisənin əmək kollektivinin səhmlərinin və istiqrazlarının buraxılmaına istifadə olunur.
Mənfəət müəssisənin təsərrüfat fəaliyyətinin maliyyə nəticəsi hesab ounur. Mənfəət müəssisənin təsis sənədlərində göstərilən qaydada istifadə olunur. Onun bir hissəsi dövlət büdcəsinə verilir, digər hissəsi isə müəssisənin geniş təkrar istehsalının ehtiyacı üçün xüsusi təyinatlı fondlara, başqa bir hissəsi ehtiyat fonduna və əlavə kapitala ayrılır, dividend qaydasında müəssisənin öz işçilərinə və kənar təsisçilərə verilir.
Xüsusi təyinatlı fondlar müəssisənin sərəncamında qalan mənfəət və yaxud qabağcadan müəyyən edilmiş məqsədlərə istifadə etmək üçün təsisçilərin fondu və əvəzsiz paylar hesabına ayrılır.
Ehtiyat kapitalı müəssisənin əsas kapitalını tamamlamaq, təsisçilərə dividend vermək və yaxud gələcəkdə baş verə biləcək zərərləri örtə bilmək üçün mənfəət hesabına yaradılır. Ehtiyat kapitalı eyni zamanda işçi heyətinə məzuniyyət haqqı, əsas vəsaitlərin təmirini aparmaq üçün yaradılır. Yuxarıda izah olunanlara əsasən əmələ gəlmə mənbələrinə və məqsədli təyinatına görə müəssisə vəsaitlərini aşağıdakı kimi təsnifləşdirmək olar

No comments:

Post a Comment